Apr 08, 2016 | 14:24 /
Bu ilin ilk 6 ayının nəticələrinə görə, Azərbaycanda istifadə edilən plastik kartların sayı artıb. Mərkəzi Bankdan fins.az-a verilən məlumata əsasən, iyun ayında istifadədə olan ödəniş kartlarının ümumi sayı 5 667 min ədəd olub. May ayında isə bu rəqəm 5 422 min ədəd təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin ilk 6 ayında debet və kredit kartlarının sayı 6 088 min ədəd olub.
Kredit kartı istifadə edənlər azalıb
Birinci yarımildə istifadə olunan ödəniş kartlarının 4 685 min ədədi debet, 782 min ədədi isə kredit kartlarının payına düşüb. May ayı ilə müqayisədə kredit kart istifadəçilərinin sayında artım olsa da, ümumilikdə azalma müşahidə edilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit kartlarından istifadə edənlərin sayı 37,1 faiz azalıb. 2015-ci ilin 6 ayında bu kartların sayı 1 244 min ədəd təşkil edib.
Xatırladaq ki, kredit kartlarını ən çox 2015-ci ilin yanvar ayında istifadə edilib -1 322 min ədəd. Bir ay sonra baş verən devalvasiyadan sonra onların istifadəçilərinin sayı azalmağa başlayıb.
4 milyonluq azalma
Debet və kredit kartları ilə aparılan əməliyyatların sayı və həcmi də azalıb. Belə ki, 2016-ci ilin may ayında əməliyyatların sayı 7 046 min, iyunda isə 6 987 min olub. Kartlarla əməliyyatların həcmi də 4 milyon manat azalıb.
Bu ilin iyun ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 046 milyon manat, may ayında isə 1 050 milyon manat olub.
POS-terminal, yoxsa ATM?
2016-cı ilin iyun ayında kartlarla nağd pulun çıxarılması üçün 4 596 milyon əməliyyat həyata keçirilib. Onlardan cəmi 29-u POS-terminallar vasitəsilə, qalanları ATM-də aparılıb. Həmin əməliyyatların həcmi 877 milyon manat olub.
Bu dövrdə plastik kartlarla nağdsız ödənişlərin aparılması üçün 753 milyon əməliyyat həyata keçirilib. Onlardan 667-si POS-terminalllar vasitəsilə reallaşıb. 2016-cı ilin iyun ayında debet və kredit kartlarla aparılan nağdsız ödənişlərin həcmi 64 milyon manat olub. Bu isə may ayı ilə müqayisədə cəmi 2 milyon manat artıqdır.
Azərbaycanda pul bazası azalıb. Mərkəzi Bankdan fins.az-a verilən məlumata əsasən, 2016-cı ilin iyun ayında pul bazası 8 338 milyon manat olub. Halbuki, mayda bu rəqəm 8 343,6 milyon manat təşkil edib.