19 Aprel , 2024, 08:39
Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır
İyn 14, 2017 | 17:05 /

Azərbaycanda təyinatı və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır.

Bunu coğrafiyaşünas və torpaqşünas akademik Həsən Əliyevin 110 illiyinə həsr edilmiş "Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi-praktiki əsasları" mövzusunda elmi-praktiki konfransda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

"Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur", - deyə K.Həsənov qeyd edib.

K.Həsənovun sözlərinə görə, daşınmaz əmlak idarəçiliyində Azərbaycanda ilk dəfə AZPOS sistemləri şəbəkəsi yaradılıb: "Ölkə ərazisi üzrə 37 ədəd daimi geodeziya stansiyası fəaliyyət göstərir. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onların üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib".

Ölkənin 4 mln. ha-dan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlaması işinin artıq bitdiyini əlavə edən Komitə sədri deyib ki, bu materiallar əsasında ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyillik xəritələri tərtib edilib və onların 3D formatında relyef xəritələri qurulub.

Qeyd edək ki, Komitə 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmağı qarşısına hədəf qoyub.

FAYDALI LİNKLƏR