19 Aprel , 2024, 12:55
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu yaradıldı
Dek 26, 2017 | 14:15 /

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, iki qurum birləşdirilib və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu yaradılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev həmçinin Fəxri Xanhüseyn oğlu Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

FAYDALI LİNKLƏR