29 Mart , 2024, 11:19
Kredit büroları yaradılacaq
Dek 08, 2016 | 17:00 /

Prezident İlham Əliyev “Kredit büroları haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun 17.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müvafiq məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu, 7.1.1-ci maddələrində və 23.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Qanunun 8.1-ci maddəsində və 17.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Qanunun 12.3.1-ci maddəsində və 17.5-ci maddəsinin birinci cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Qanunun 17.5-ci maddəsinin birinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

Qanunun 2.0.9-cu maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 15.7-ci maddəsindən irəli gələn normativ xarakterli aktı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində qəbul etməli, qanunun 5.2-ci, 5.7-ci, 7.2-ci, 7.3-cü, 16.2-ci və 23.4-cü maddələrindən irəli gələn normativ xarakterli aktları iki ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

FAYDALI LİNKLƏR